Tələbələr üçün “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda yay məktəbi təşkil edilib
6-8 sentyabr tarixlərində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı yay məktəbi təşkil edilib. Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində təşkil edilmiş yay məktəbində həmkarlar ittifaqı fəalı olan ali təhsil müəssisələrinin 120 tələbəsi, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və media nümayəndələri iştirak edib. 

Yay məktəbi çərçivəsində sentyabrın 7-də “Sağlam insan və dayanıqlı gələcək” mövzusunda konfrans keçirilib. Tədbiri giriş sözü ilə ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev açaraq qeyd edib ki, hər ilin sentyabr ayında həmkarlar ittifaqı fəalı olan tələbələr üçün yay məktəbinin təşkil edilməsi ənənə halını alıb. Bu ilki yay məktəbi “Yaşıl dünya naminə həmrəylik” ilinə həsr edilib. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik” ili elan edilib. Bu il ərzində respublikamızda müxtəlif tədbirlər keçirilməkdədir. Bu tədbirlərin əsas məqsədi ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması, ətraf mühitin sağlamlaşdırılması, təbii ehtiyatlardan qənaətlə və səmərəli istifadə etmə və bu kimi mövzularda müzakirələrin aparılmasıdır. Həmçinin bu il Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcəkdir. Bu tədbirdə də bütün dünyanı narahat edən qlobal ekoloji problemlərin qarşısının alınması ilə bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir. 

A.Paşayev qeyd edib ki, dünyanı narahat edən qlobal ekoloji problemlərin qarşısının alınması istiqamətində fərd olaraq hər birimiz öz vətəndaşlıq vəzifələrimizi məsuliyyətlə yerinə yetirməliyik. Konfransın təşkil edilməsində də məqsəd həm həmkarlar ittifaqı təşkilatı olaraq, həm həmkarlar ittifaqı fəalı olaraq görə biləcəyimiz işləri müzakirə etmək, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri kimi “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” müəyyən olunmuş Azərbaycanımıza öz tövhələrimizi verməkdir. 

Sonra konfransda tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri, həmkarlar ittifaqı fəalı olan tələbələr çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüb, təkliflərini veriblər. 

Yay məktəbi çərçivəsində həmçinin tələbələr üçün müxtəlif idman yarışları, intellektual oyunlar təşkil edilib, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində işlər görülüb. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo